Assembly of Science and Art
Slideshow
Gallery
dsc_0083 snv1sd-10 dsc_0261 asdapicture-027-1

Məclis haqqında

attach-635002645409870000

Elmi tədqiqatları və sənət əsərlərini ayrı-ayrı insanlar təklikdə yazıb-yaradır, uzun illər öz içində, beynində, ürəyində gəzdirir, bəsləyib yetişdirir, və bir gün, sanki qeyri-ixtiyari surətdə, qəflətən üzə çıxarır. Elm və sənət nümunələri bəzən kiçik bir kollektivin, bir neçə nəfərin birgə səyləri nəticəsində də meydana gələ bilir. Bu halda da, yaradıcı qrupun üzvləri ayrı ayrılıqda düşüncələrə dalır, öz iştirakını fərdi bilik, qabiliyyət və enerjisi hesabına təmin edir, ümumi məsələnin həlli isə, əlbəttə, yenə də ünsiyyət, birgə təhlil və müzakirələr yolu ilə baş tutur.

Elm və sənət adamları, ümumiyyətlə yaradıcı, ziyalı insanlar həmişə öz aralarında ünsiyyətə ehtiyac duymuş, buna həmişə çox əhəmiyyət vermişlər. Yeni kəşfimizi, yeni ideyamızı, yeni əsərimizi, içimizdə qovrulan düşüncələrimizi bizə bənzər birinə, bizi anlayacaq birinə söyləmək, sevinc və qayğımızı bölüşmək ehtiyacı danılmazdır.

Peşəkar bir insanla ünsiyyətdə olmaq, onunla söhbətləşib fikir mübadiləsi etmək, onu yeni tapıntı və ya orijinal fikirlə sevindirmək xoş və gözəl işdir. Onu sevindirdiyimiz, yaxşı mənada təəccübləndirdiyimiz üçün özümüz də sevinirik, müsbət enerji toplayırıq, ruhlanırıq, həzz alırıq…

Peşəkar bir insanın tənqidi fikirləri və məsləhəti bizim daha dərinlərə baş vurmaq, daha əhatəli olmaq, həqiqətə daha yaxın olmaq imkanımızı artırır. Müzakirə olunan mövzu, elm və ya sənət sahəsi üzrə, mümkündür ki, mütəxəssis olmayan, amma geniş düşüncəli və həssas yaradıcı insanın verdiyi gözlənilməz suallar, onun öz sahəsindən qaynaqlanan fərqli görüş, fikir və münasibət də bizi düşündürə bilir, bizə təsir edir. Əlbəttə, yeni olanı bilmək ehtirası, yeni olanı mütəxəssislərin öz ağzından eşitmək həvəsi və maarifçilik istəyi də yaradıcı insanları bir yerə toplayan mühüm amillər sırasındadır.

Lomonosov Moskva Dövlət Universitəsinin aspiranturasında oxuduğum və sonralar orada, eləcə də Steklov Riyaziyyat İnstitutunda tədqiqatla məşğul olduğum zamanlar elmi fəaliyyətdə ünsiyyətin nə qədər mühüm olduğunu anladım. Məşhur alimlərin, aspirant və tələbələrin bir yerə toplaşdığı həftəlik elmi seminarların dünyada görülən mühüm işlərdən xəbər tutmaq, maraqlandığımız elmi problemləri təhlil etmək, elmdə yeni yollar açan insanlarla birlikdə müzakirələrə qatılmaq baxımından əvəzi və alternativi yox idi.

Elmi məktəb deyilən fenomeni biz birinci növbədə məhz bu seminarların varlığı və qeyri-adi gücündə görür və hiss edirdik. Sosialist blokunun dağılması, maddiyyətin yeni kapitalist münasibətləri əsasında fövqəladə güc qazanması və onun yaratdığı qarışıq hisslər, qloballaşmanın mövcud mənəvi dəyərləri alt-üst etməsi insanları, o cümlədən yazıb-yaradan zümrəni çaşbaş saldı. Elmi tədqiqatlara maraq azaldı, təhsil sistemi sistemsizliyə düçar oldu. Ziyalıların, elm adamlarının və müəllimlərin, mədəniyyət işçilərinin “ağıllı” bir yerə yığışmağa, dərdləşməyə ehtiyacı artdı. Giley-güzardan təhlilə keçmək, adi dərdləşmədən araşdırmalara keçmək, elmi-mədəni mühiti canlandırmaq, dünya elmində, sənətdə baş verənlərdən xəbər tutmaq – günümüzün tələbi, ruhumuzun təməli olan bu arzuların həqiqətə çevrilməsinə necə kömək edək? 2006-cı ilin yaz-yay aylarında Elm və Sənət Məclisi təşkil etmək, heç bir sahə məhdudiyyəti qoymadan vacib hesab etdiyimiz problemləri müzakirəyə çıxarmaq barədə fikrimiz qətiləşdi.

Hər dəfə bir və ya iki mütəxəssisin məruzəsini dinləmək, onları sual atəşinə tutmaq, söz, fikir söyləmək istəyənləri dinləmək, məruzə və müzakirənin nəticələrini əvvəlcə “Xəzər Xəbər” dərgisində, sonra isə qruplaşdırıb kitab şəklində nəşr etmək qərarına gəldik. 2006-ci il oktyabrın 10-da Xəzər universitəsinin Konfrans mərkəzində birinci məclis baş tutdu. Həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən mütəxəssisləri, elm və sənət adamlarını məruzə üçün dəvət etməyə başladıq.

Qısa zamanda Elm və Sənət Məclisimiz tanındı və sevildi. Məclisin materialları çap olunanda canlı danışıq tərzini olduğu kimi saxlamağa çalışmışıq.

Hamlet İSAXANLI